Baş mühasibi olmayan müəssisələrin və fərdi sahibkarların diqqətinəTəsərrüfat subyektlərində Baş mühasib və ya mülki hüquqi müqavilə çərçivəsində bu xidməti göstərən digər peşəkar vergi ödəyicisinin olması mütləq şərtdir.
Artıq sahibkarlar, rəhbərlər idarə etdiyi təsərrüfat subyektlərində uçotun təşkilinə diqqəti yüksək səviyyəyə çatdırmaları üçün səylərini artırmalıdırlar. Bu işin həyata keçirilməsində mütləq qanuni tələbləri rəhbərlərin diqqətinə çatdırmaq istəyirəm.Necə ki, müəssisəyə direktorun təyinatı mütləqdir, eləcə də baş mühasibin təyinatı da mütləqdir. Bu tələb “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gəlir.
Qanunda göstərilir ki, Uçot məcburidir.Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir (maddə 3.1).Uçot işi təşkil olunmalıdır (iş şəraitinin qurulması).Mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir (maddə 3.2).Uçotu konkret şəxs aparmalıdır.Mühasibat uçotu xidməti – mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir (maddə 2.1.18).
Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra – baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir (maddə 2.1.17).
Mikro sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər (maddə 3.2).Deməli, uçotu aparmaq səlahiyyətində olan şəxslər aşağıdakılardır:- Təsərrüfat subyektlərinin öz işçiləri (Baş mühasib).- Müqavilə əsasında cəlb edilən digər sahibkarlıq subyektləri (mühasibat xidmətləri göstərən peşəkar şəxs).- Yalnız mikro sahibkarlıq subyektlərində rəhbərlər və fərdi sahibkarların şəxsən özləri (direktor, sədr və fərdi sahibkar özü).Beləliklə,Fəaliyyəti olan kiçik, orta və iri sahibkarlıq subyektlərində mütləq qaydada ya baş mühasib, ya da mülki hüquqi müqavilə çərçivəsində bu xidməti göstərən digər peşəkar vergi ödəyicisi olmalıdır.
Əgər kiçik, orta və iri sahibkarlıq subyektlərində baş mühasib vəzifəsində işçisi yoxdursa və ya baş mühasib əvəzinə mühasibat uçotunu aparan digər peşəkar vergi ödəyicisi ilə müqaviləsi yoxdursa bu Qanun pozuntusu hesab edilir.
Yalnız mikro sahibkarlıq subyektlərində baş mühasib ştatı olmadan rəhbər özü (başqa işçi yox) mühasibat uçotunu apara bilər.Göründüyü kimi, kiçik, orta və iri sahibkarlıq subyektlərində iki vəzifə mütləqdir: rəhbər və baş mühasib (və ya mühasibat xidməti göstərən peşəkar şəxs).
Unutmayaq ki, Baş mühasiblərə ehtiyac kifayət qədərdir və sahibkarlar və rəhbərlər tərəfindən bu vəzifəyə təyinatların mütləq olmasına diqqət artmalıdır.
Mehdi Babayev